Posterous theme by Cory Watilo

Mənim adım "N 5"

Numberfive

İyun ayının isti günlərindən biri idi. Səfərə getməyə hazırlaşırdım. İki ilə yaxın idi ki, ölkədən çıxa bilmirdim. Həbsdə idim. Nəhayət bir aylıq Londona getmək imkanı yarandı. İki ildən sonra ilk xaricə getmək şansı. Əslində bu imkanı həbsdə olarkən yaratmışdım. Təcridxanada olanda bir təhsil proqramının müsabiqəsində iştirak etmək qərarı verdim. İştirak etdim və elə həbsdəcə qalib gəldim. Amma həmin il gedə bilmədim. Həbsim davam edirdi. Dedim gələn il alınar. Proqram təşkilatçıları qeyri-adi vəziyyətimi nəzərə alaraq mənim iştirakımı gələn ilə saxladılar. Bir il də keçdi. Bu il artıq azadlıqda idim, amma şərti azadlıqda. Şərti azadlığın nə olduğunu yalnız şərti olaraq anlayırdım. Azadlığın şərtiliyi mənə “biraz hamilə olmaq” fikrini xatırladırdı. 

Deyirdilər aeroporta getmə, səni saxlayıb göndərərlər yenidən həbsxanaya. Ehtiyyatlı ol! Amma xeyri nədir? Hər kəs öz azadlıqının fiziki sərhədlərini şəxsən görmək istəyir, o sərhədləri hiss etmək istəyir. Azadlıq sərhədlərinə öz əllərinlə toxunmağın ləzzətini heçnə verə bilməz. Azadlığının sərhədlərini gərək özün görəsən. İnanılmaz hisslər keçirirsən. Təyyarə bileti əlində. Britaniya Krallığının vizası Azərbaycan Respublikasının passportunda və o passport da sənin əlində. Həyat gözəldir! Ən azı aeroporta gedən yolda mən belə düşünürdüm. Bu yol məni Edinburqa, Londona aparır. Gedirik!

Aeroporta çatanda həyəcanlandım. İki il ərzində ilk dəfə idi ki, aeroportda idim. Bu nöqtə bizi bütün dünya ilə birləşdirdiyinə görə mənim üçün müqəddəs bir məkandır. Bura bizim dünyaya çıxan hava qapımızdır. Bizi görmək istəyənlər də, burdan canlarını qurtaranlar da gəlib burdan keçirlər.

Baqajımı təhvil verdim, reysə qeydiyyatdan keçdim və yollandım həyatımda növbəti sərhəddi aşmağa. Passportumu yoxlayan çox gözəl bir qadın idi. İlk dəfə idi ki, sərhəddə belə gözəl bir qadın görürdüm. Passportumu aldı. Passporta baxdı, daha sonra mənə baxıb gülümsədi. Harasa zəng etdi. Məndən bir dəqiqə gözləməyi xahiş etdi. İki dəqiqə gözlədim. Gözəl qadın rəfiqəsindən baş ağrısı dərmanı istədi. Yenədə mənə baxıb gülümsədi. Bu an onun çağırdığı işçi gəldi. Orta yaşlı, bığlı bir kişi idi.

- Nə olub?
- Nömrə beşimiz var.
- Aydındır.

Onlar bir birinə baxırdılar. Sonra qadın mənə baxıb gözlərini gələn iş yoldaşına tərəf istiqamətləndirdi və yavaş-yavaş başını aşağı saldı. Mən hər şeyi anladım. Söhbət məndən gedirdi. Həmin gün mən heç yere uça bilmədim. Baqajımı geri alandan sonra oturdum maşına və getdim dəniz qırağına. Çayımı içib sakitcə dənizə baxırdım... Mən heç yerə tələsmirdim.


| Viewed
times